25 Haziran 2020 Perşembe

YAXIN ŞƏRQDƏ ƏSASI QOYULAN BÖYÜK KONFLİKT VƏ XXI ƏSRDƏ BU KONFLİKTİN NƏTİCƏLƏRİ

YAXIN ŞƏRQDƏ ƏSASI QOYULAN BÖYÜK KONFLİKT VƏ 
XXI ƏSRDƏ BU KONFLİKTİN NƏTİCƏLƏRİ 


Açar sözlər: Yaxın Şərq, münaqişə, İsrail, ərəb, müharibə, sivilizasiya 
Key words: Near East, conflict, Israel, Arab, war, civilization 
Ключевые слова: Ближний Восток, конфликт, Израиль, араб, война, цивилизация 
    

    Dünyanın istənilən bölgəsində hərbi münaqişələr və siyasi maraqların toqquşması qaçınılmazdır, insanın var olduğu hər bir yerdə onun maraqları da mövcuddur və istənilən halda, bütün maraqlar və mənafelər bir nöqtədən sonra toqquşmaya doğru aparır. Yaxın Şərq – Şərqin “qaynar qazan”ı və “qanayan yara”sı isə öz misilsiz mürəkkəbliyi və lokal münaqişədən daha çox, beynəlxalq miqyasa inteqrasiya etdiyi və böyük dövlətlərin maraq dairəsində olduğu üçün ərazi və milli münaqişələr arasında ən məşhuru hesab edilə bilər. Yaxın Şərqdəki münaqişələrə sadəcə müsəlman və xristian, müsəlman və yəhudi maraqları arasındakı toqquşma kimi baxmaq sadəlövhlük olardı, çünki məsələ dini zəmində baş verən qarşıdurmalardan ziyadə, siyasi və milli maraqlara söykənir. Yaxın Şərqin münaqişələri, əsasən, XX əsrin ikinci yarısından etibarən başlamış hesab edilsə də, bəzi tədqiqatçılar bunun kökünü daha əvvəlki əsrlərdə axtarırlar. İsrail-Ərəb münaqişəsi artıq Yaxın Şərqin bütün dünyaya empozə etdiyi və təbliğ etdiyi “münaqişə-oyun kartı”na çevrilmiş, BMT-nin və dünya güclərinin müdaxilələri belə vəziyyəti sakitləşdirə bilməmişdir, odur ki, vəziyyət hələ də gərgin olaraq qalır. 1958-ci ilin Livan böhranı, eyni ildə İraq inqilabı, 1978-ci ildə alovlanan Kürd-Türk konflikti, 1994-cü ilin Yəmən vətəndaş müharibəsi, Misir böhranı, Suriyada vətəndaş müharibəsi, İŞİD-in ortaya çıxması və s. kimi sayları hədsiz dərəcədə çox olan münaqişələr Yaxın Şərqi təbii olaraq “münaqişə yuvası”na və bölgəni yaxın tarixin ən çalxantılı və ziddiyyətli regionuna çevirmişdir. 
    İraq, İran, Liviya, Livan, İordaniya, Misir, Suriya və s. ölkələrdəki böhranlar ümumilikdə Yaxın Şərqi geniş anlamda xarakterizə etsə də, ən diqqətəlayiq və ən əzəli münaqişə İsrail-Ərəb münaqişəsi hesab olunur. Özlərinin peyğəmbərlər soyundan gəldiklərini iddia edən və ortaq sami irqinə mənsub olan bu xalqlar nə üçün bu qədər əzəli düşmən oldular və aralarındakı nifaq və nifrət səngimir? Məsələyə dini konteksdən yanaşanlar, əsasən, müsəlman və qeyri-müsəlman faktoru üzərində dayanır və İsrailin başçılığı və öndərliyi altında aparılan mübarizənin sadəcə ərəblərə (fələstinlilərə) qarşı deyil, ümumilikdə, xristian aləminin də gizli və aşkar dəstəyi ilə bütün müsəlman dünyasına qarşı yürüdüldüyünü iddia edirlər. 1948-ci ildə yaranan İsrail və ərəb dövlətləri arasında münaqişə, müxtəlif illərdə (1956, 1967, 1973) müharibə səviyyəsinə qalxmış və çoxlu sayda itkilərlə nəticələnmişdir. İsrailin mübarizəsini patriot və beynəlxalq hüquq tərəfdarları “öz varlığını qorumaq hər bir xalq və dövlətin haqqıdır” prinsipinə söykənərək İsraili dəstəkləmiş, ərəb milliyyətçiləri və müsəlman dünyası isə İsrailin bəzən izafi dərəcəyə varan aqressiyasını “müsəlman düşmənliyi” ilə izah etməyə çalışmışlar. Qəbul olunan BMT qətnamələrinin də icra mexanizminin sıfıra yaxın olması münaqişənin közərən alovlarını günü-gündən yenidən alovlandırmış və onu daim aktual saxlamışdır. 
    Yaxın Şərqin bitib-tükənməyən münaqişələri haqqında sayısız tədqiqatlar aparılmış və kitablar yazılmışdır. Bu gün də dünya gündəminin əsasını təşkil edən Suriya münaqişəsi və bu böhran nəticəsində qütbləşən dünya dövlətlərinin mövqeləri yenə eyni nöqtədə - Yaxın Şərqdə baş verir. İsrail-Ərəb münaqişəsi isə öz miqyas və ciddiliyinə görə ən həssas münaqişə hesab olunur. Necə olur ki, yarım əsrdən də çox müddət keçməsinə baxmayaraq tərəflər hansısa uzlaşmaya vara bilmirlər və aralarındakı ədavətin kəskin ucu hər iki tərəfə toxunur? Ümumilikdə, bu böyük konflikt XXI əsr üçün nələr vəd edir? Dünya tarixçiləri bəşəriyyətin tarixini araşdırarkən ən sakit və sülhsevər dönəmin – ard-arda yaşanan dünya müharibələri və sayısız qırğınların miqyasına baxmayaraq – qismən XX əsr və əsasən də, XXI əsr olduğunu hesab edirlər. Çox güman ki, müharibə və münaqişələr əsnasında həlak olan insanların ümumi sayını əvvəlki dönəmlərlə müqayisə etmək onları bu qənaətə gətirir. Bu “sülh” şəraitində və müharibələrin lokal münaqişə və toqquşmalar, virtual və onlayn müharibələr şəklində aparıldığı bir vaxtda isə Yaxın Şərqdə münaqişələr (yəhudi və müsəlman qarşıdurmasının kəskinliyi fonunda) özünü daha aydın şəkildə göstərir. Sözsüz ki, mütəmadi şəkildə insidentlərin olması, İsrailin daim təxribatlara əl ataraq ərəb dövlətləri və Türkiyəni (müsəlmanları) münaqişəni qızışdırmağa cəlb etməsi Yaxın Şərq probleminin yaxın vaxtlarda həll olunacağına zərrə qədər ümid doğurmur. XX əsrdən XXI əsrə uzanan bu ağrılı problemin həlli üçün beynəlxalq qüvvələr arasındakı qütbləşmə və tərəf tutma meylinə son qoyulmalı, beynəlxalq təşkilatların səyi ilə obyektiv şəkildə həll yolunu tapmaq üçün danışıqlara gedilməlidir. Əksi təqdirdə XXI əsr Yaxın Şərq konfliktinin daha da alovlandığı və öz həllindən uzaqlaşdığı bir zaman kəsimi olaraq gələcək tarixə yazılacaq. XX əsrin İran, İraq, Suriya, Misir, Livan, Liviya, İsrail, Fələstin, Türkiyə, Kipr və s. kimi dövlətləri “çalxalayan” münaqişələrdən XXI əsrə miras qalan şey – sözsüz ki, qeyri-müəyyənlik, qeyri-stabillik və reqressiyadır. Yüz minlərlə insanın qətli və sayısız insanın ev-eşiyindən didərgin düşməsi, qaçqın böhranı, valideynini itirən uşaqların qeyri-müəyyən və dumanlı taleyi və s. bu münaqişələrin uzanmağa davam etdikcə sonrakı dövrlər üçün nələr vəd etdiyinin əyani sübutudur. 
    Ehtimal edilən III Dünya müharibəsinin ilk qığılcımlarının da məhz Yaxın Şərqdən alovlanacağı düşüncəsi artıq ortaq bir rəyə çevrilmişdir, bu isə olduqca təhlükəli bir tendensiyadır: islam və xristian sivilizasiyalarının növbəti dünya müharibəsinin baş aktorları olmaması üçün mümkün olduğu qədər tez sülh yaratma və münaqişə həlli texnologiya və mexanizmləri işə düşməlidir. 


Ədəbiyyat siyahısı 


1. A.A. Güləliyeva. XX əsrin sonu-XXI əsrin əvvəllərində Misir-İsrail , İsrail-Fələstin münasibətləri (Fələstin problemi kontekstində) Bakı, 2010 
2. Кислов А. Арабо-израильский детонатор // Международная жизнь. – 2004. - №9 
3. Сатановский Е. «Новый Ближний Восток» // Международная жизнь. – 2005. - №3-4 
4. Selen Y.Kölay. Ortadoğu’nun İkibin Yıllık Tarihi. Ankara: Arkadaş Yayınları, 2005 




SUMMARY 
The Middle East - the ‘boiling pot’ and ‘bleeding wound’ of the East can be considered as the most recognizable among territorial and national conflicts because of its unique complexity and more internationalized integration than a local conflict. It would be naive to consider conflicts in the Middle East just as a clash between Muslim and Christian or Muslim and Jewish interests, because this question is based on political and national interests, and not only on religious motives. Undoubtedly, regular incidents, the continued participation of Israel in provocations, the Arab countries and Turkey (Muslims) in the escalation of the conflict do not give much hope that the Middle East problem will soon be resolved. 


РЕЗЮМЕ 
Ближний Восток - Восточный «кипящий котел» и «кровоточащая рана» можно рассматривать как наиболее узнаваемый среди территориальных и национальных конфликтов из-за его уникальной сложности и более интернационализированной интеграции, чем локальный конфликт, Было бы наивно рассматривать конфликты на Ближнем Востоке просто как столкновение между мусульманскими и христианскими, мусульманскими и иудейскими интересами, потому что этот вопрос основан на политических и национальных интересах, а не на религиозных мотивах. Несомненно, регулярные инциденты, постоянное участие Израиля в провокациях, арабских странах и Турции (мусульманах) в обострении конфликта не дают большой надежды на то, что ближневосточная проблема скоро будет решена.

Hiç yorum yok:

Yorum Gönder